Google Ads ilə Azərbaycan Dilində Reklam Vermək
Google-da reklam vermək əksər Azərbaycan şirkətlərini və agentlikləri maraqlandıran mövzulardan biridir. Azərbaycan dili Google Ads tərəfindən qəbul olmadığı halda şirkətlər Azərbaycan dilində reklamı necə verir? Sistem bunu necə qəbul edir? Bunu ancaq Google Partnerlər edə bilir? Bu məqalədə sizi maraqlandıran bütün bu sualların cavabı var.
Google Azərbaycan dilini niyə qəbul etmir?
Google Ads tərəfindən dəstəklənən dillər barədə rəsmi olaraq paylaşılan dokumentasiyada Azərbaycan dili yer almır. Həm Google Ads interfeysində, həm də hədəfləmə üzrə aktiv olan dillər arasında dilimiz dəstəklənmir.
Bunun səbəbi rəsmi oloraq açıqlanmır, Google şirkət olaraq girdiyi bazarları özü təyin etməyə tam səlahiyyəti çatır. Bizim üzərimizə düşən digital marketing sektorunu inkişaf etdirmək və Google reklamları barədə sahibkarları maarifləndirməkdir.
Google Ads reklam vermək üçün hansı tələbləri qoyur?
Rəsmi mənbə bildirir ki, Google-da reklam vermək üçün məzmun və yönəldilən veb səhifə (landing page və ya destination URL) məzmunu dəstəklənən dillərdə olmalıdır.
“Ad or destination content in an unsupported targeting language”
Technical Requirements, Google Advertising Policies Help
Bu mənbəyə əsasən həm reklamımızdakı video, banner və ya axtarış mətninin məzmunu və landing səhifəmizin məzmunu dəstəklənən dillərdən birində olmalıdır. Əks halda reklam yoxlanışdan keçdikdə qəbul olunmur və reklamlarımız aktivləşmədiyi üçün nəticə əldə edə bilmirik.
Google reklam hesabını mütəmadi olaraq yoxlayır və qəbul edilməyən reklamlar barədə bildiriş emailləri göndərir:
Reklam Siyasətlərimizin dəfələrlə pozulması Google Ads hesabınızın dayandırılması ilə nəticələnə bilər, buna görə də siyasətimizi nəzərdən keçirərək problemləri ən qısa zamanda həll etmək vacibdir.
Rəsmi e-mail, Google Ads
Google reklamları qəbul etmədikdə atılan ilk addımlar
Azərbaycanda reklam verən brendlər ilk növbədə qəbul olmayan reklamları yenidən yoxlanışa göndərmək və Google-a müraciət etməklə məsələni həll etməyə çalışırlar. Bu məqsədlə görülən işlər aşağıdakılardır:
1. Reklamı yenidən yoxlanışa göndərmək
Google Ads interfeysində Ads bölməsinə daxil olaraq verilən reklamlarda dəyişiklik etməklə yenidən yoxlanışa göndərə bilərsiniz. Edilən hər dəyişiklik reklamın yenidən yoxlanış prosesindən keçməsinə və bu müddət ərzində gözləməyə səbəb olur:
Google reklamlarını yenidən yoxlanışa göndərmək xətalıdır. Çünki bunu etmək 95% hallarda bir şeyi dəyişdirmir.
2. Google Support-a müraciət etmək
Supporta müraciət etmək tamamilə vaxt itkisidir. Çünki support işçilərinin bu məsələ ilə bağlı heç bir səlahiyyəti yoxdur. Onların vəzifəsi Google tərəfindən verilən rəsmi reklam qaydalarını tətbiq etməkdir. Reklam qaydaları da yuxarıda qeyd edildiyi kimi olduğu üçün bu əsla məsələni həll etməyəcək. Google rəsmisi məsələni belə cavablayır:
Tərcüməsi:
Təəssüf ki, bu reklamlar “Dəstəklənməyən Dil” səbəbindən rədd edildi, çünki Azərbaycan dili Google Ads üçün dəstəklənən dillərdən biri deyil. Dünyanın bir çox dilləri, o cümlədən Azərbaycan dili dəstəklənən dillər siyahısına daxil edilməyib.
Rəsmi e-mail, Google Ads Support
Bütün reklamlar və promosyonlar üçün yalnız Google Reklamlarının “dəstəklənən dillərdən” istifadə etməyinizi xahiş edirik.
3. Apelyasiya üçün müraciət etmək
Google reklam interfeysində Ads bölməsində reklamların statusunun üzərinə gəldikdə qəbul edilməmə səbəbi göstərilir və aşağıda verilən “Appeal” linki ilə Apelyasiya müraciəti etmək mümkündür.
Bu metod təxminən 10% hallarda reklamın qəbuldan keçməsinə səbəb ola bilər. Aşağıda uğurlu olan hallara baxa bilərik:
Azərbaycanda şirkətlər necə Google reklamları verir?
Qaydalara əsasən mümkün olmadığı görünsə də bəzi şirkətlər Google-da Azərbaycan dilində reklam verməyə nail olur. Lakin bir çox şirkət hələ də reklam məzmununu dəstəklənən dillərdə verməyə davam edir, çünki istifadə olunan metodlar həmişə uğurlu olmur. Bunun qarantiyası da yoxdur. Həmin metodlar aşağıdakılardır:
1. Landing page məzmununu dəstəklənən dildə etməklə
Reklam verən şirkətlər reklam məzmunun dəyişmək istəmədikdə ilk olaraq reklamın landing səhifəsindəki (URL) məzmunda güzəşt etməli olurlar. Bu halda onlar saytlarının Rus və ya İngilis dilli versiyalarını istifadə edirlər. Google axtarış reklamlarında buna aid tapdığım nümunə aşağıdakıdır:
Həmin reklam aşağıdakı Rus dilli səhifəyə istiqamətləndirdiyi üçün Google Ads sistemi tərəfindən qəbul olunmuşdur:
2. Reklam məzmununu dəstəklənən dildə etməklə
Google-da reklam vermək üçün saytda dəyişiklik etmək istəməyən şirkətlər isə reklam məzmununda güzəşt etməli olurlar. Bunun səbəbi Azərbaycan dilində axtarış edən istifadəçiyə eyni dildə sayt məzmunu göstərmək və istifadəçi təcrübəsinə mənfi təsirin qarşısını almaqdır. Çünki Azərbaycan dilində açar sözündə axtaran istifadəçinin rus və ya ingilis dilində səhifə ilə qarşılaşdıqda saytdan çıxma və ya satış etməmək ehtimalı böyükdür.
Tam Rus dilində reklam mətni
Həmin reklam aşağıdakı səhifəyə yönləndirir. Landing page burada Azərbaycan dili olaraq qalır, lakin sistem tərəfindən qəbul edilmişdir.
Yarısı Rus dilində, yarısı Azərbaycan dilində reklam mətni
Burada Azərbaycan dilində yazılanlar yaşıl, Rus dilində yazılanlar narıncı rənglə işarələnib. O cümlədən landing page məzmununun dilinə görə də linklərin rəngləri qeyd olunub. İlk iki nəticənin yönləndirdiyi sayt Azərbaycan, 3-cü nəticədə isə Rus dilində məzmuna sahibdir.
3. Həm reklam məzmunu, həm də landing page-i dəstəklənən dildə etməklə
Bəzi şirkətlər isə dil problemi ilə vaxt itirməmək üçün və ya bu problemi edə bilmədiklərinə görə həm reklam, həm də sayt məzmununu Rus dilində verərək reklama çıxırlar. Aşağıda gördüyümüz reklam Hesab.az-a aiddir. YouTube videosunda çıxan banner reklamı və saytın məzmunu tamamilə Rus dilindədir.
4. Məkan hədəfləməsində edilən dəyişiklik etməklə
Mobil tətbiq reklamlarında məkan hədəfləməsində edilən dəyişikliyin məzmunun qəbul prosesinə təsir etdiyini müşahidə etmişdim. Belə ki, ümumi Azərbaycan hədəfləməsi etdiyim zaman reklamlar qəbul olmamışdı:
Location targeting, yəni məkan hədəfləməsinin bütün Azərbaycan-dan ancaq Bakı şəhərinə dəyişdirilməsi və eyni reklamın yenidən yaradılması ilə reklam yenidən yoxlanışa göndərildi. Dəyişilən məkan parametri reklamın qəbul olunmasına səbəb oldu.
4. Dil hədəfləməsində dəyişiklik etməklə
Reklamda heç bir dəyişiklik etmədən kampaniyanın dil hədəfləməsində edilən dəyişiklik və reklamın yenidən yoxlanışa göndərilməsi (yenidən yaradılaraq və ya dəyişiklik edilərək) problemin həll olması ilə nəticələnə bilər.
Yekun
Beləcə ən məşhur və Azərbaycan şirkətləri tərəfindən istifadə olunan metodlarla tanış oldunuz. Google Ads unsupported language, yəni dəstəklənməyən dil problemini davam etdirdiyi müddətcə bu kimi halların davam etməsi qaçınılmaz hala gəlir. Ümid edirik ki, tezliklə Google Ads ilə Azərbaycan dilində reklam vermək mümkün olacaq və dövlət dilimiz Google reklam platformasında rəsmi qəbul olunan dillər sırasına daxil olacaq.
Proposal to Google
We as advertisers and Azerbaijani companies are ready to collaborate with Google in order to make Google able to activate and support Azerbaijani language. As Google Ads Product Expert and Google Partner I applied about this issue many times. However, I never received any positive feedback and always got ignored about Partnership in Azerbaijan. I will appreciate if you offer any partnership on any activity related to Google Ads. We are also eager to help and create educational content about Google Ads.