Google Reklamları Vermək – TAM TƏLİMAT
Google Reklamları nədir? Google Ads nədir?
Google Ads (daha öncəki adı ilə Google AdWords) şirkətlərin öz məhsul və ya xidmətlərini tanıtmaq, satışlarını artırmaq və müştərilərlə kommunikasiya qurmaq üçün axtarış, banner, video, mobil tətbiq və digər reklam növləri ilə hədəflədiyə bildiyi online reklam platformasıdır. Google reklamları ilə internet istifadəçilərin təxminən 90% hissəsinə çatmaq mümkündür.
Həm internet istifadəçilərin daxil olduğu vebsaytlarda, həm YouTube videolarında, həm də mobil tətbiqlərdə olmaqla internetin bir çox seqmentinə öz reklam mesajınızı çatdıra bilərsiniz. Google reklam hədəfləmə növləri, optimizasiya alqoritmləri və avtomatlaşdırma üsulları ilə böyük kütlələrə çata, xərclərinizə qənaət edə və bütün nəticələrinizi detallı statistikalarla analiz edə bilərsiniz.
Google reklamı vasitəsilə telefon zənglərini, online trafiki və müştəri sayınızı artıra, müştərilərlə daha effektiv kommunikasiya qura bilərsiniz. Büdcənizi dəqiq təyin edə, günün istənilən saatı üçün büdcə bölgüsünü apara, reklamın görüləcəyi vebsaytları və kanalları seçib dəyişə bilərsiniz.
Google Ads ilə reklam vermək üçün tələblər
Google Ads platforması ilə reklam verməyə başlamaq üçün ilk öncə hesab yaratmalı, platformanın istifadə qaydalarını bilməli, reklamınız üçün büdcə ayırmalısınız. Reklamdan daha effektiv istifadə edə bilmək və nəticələri analiz etmək üçün saytınızın olması da tövsiyə olunur.
1. Hesab yaratmaq
Google reklam platformasından yararlanmaq üçün Google Ads hesabı yaradılmalıdır. Bəs Google Ads hesabı necə yaradılır? Google Ads hesabı yaratmaq üçün bir e -poçt ünvanı və veb sayt lazımdır. Veb saytınız olmasa belə, yeni reklam verənlər üçün standart Google Ads təcrübəsi olan Smart kampaniyalardan istifadə edərək Google-da reklam etmək mümkündür. Hətta ilk reklamınızı cəmi 15 dəqiqə ərzində yarada bilərsiniz.
Biznes məlumatlarınızı və bank kartı məlumatlarınızı diqqətlə doldurduqdan sonra hesabınız aktivləşəcək. Ödəniş üsulunu seçərkən diqqətli olmalısınız. Çünki Avto ödəniş (Automatic payment) və Manual ödəmə (Manual Payment) seçimlərini yalnız hesabı yaradarkən etmək mümkündür. Daha sonra interfeysdə bunu dəyişmək mümkün olmur. Avto ödənişlərdə Google Ads sizdən ödənişləri müəyyən ödəniş limitinə çatdıqda (məsələn 50$) bank hesabınızdan çıxır. Lakin Manual ödəmə metodunda reklamınız dayanır və siz özünüz ödənişi edərək reklamlarınızı davam etdirirsiniz.
Hesab yaradarkən “Expert Mode” (Ekspert modu) istifadə etməyiniz məsləhətdir. Əgər Google Ads barədə heç məlumatınız yoxdursa “Smart Mode” (Ağıllı mod) ilə davam edə bilərsiniz. Daha sonra Ekspert moduna keçmək mümkündür. Lakin nəzərdə saxlayın ki, Ağıllı mod istifadə edərkən detallı hədəfləmə imkanlarından və reklam kampaniyalarını tam kontrol etməkdən məhrum olursunuz. Ona görə ilkin bilikləri öyrənərək Ekspert modu ilə davam etmək tövsiyə olunur.
2. Google Ads istifadəsi ilə bağlı məlumatlı olmaq
Google reklamlarını verməzdən öncə reklaları necə yaratmaq lazımdır və hansı növ kampaniyalar mövcuddur – bunları öyrənməkdə fayda var. Çünki məqsədimizə uyğun reklam çeşidini müəyyən edərək platformanın funksiyalarından daha səmərəli istifadə edə bilərik.
Google reklamları barədə öyrənmək üçün Google tərəfindən təqdim olunan Skillshop Academy-dən istifadə etmək olar. Skillshop (daha öncəki adı ilə Reklam Akademiyası), Google-un rəqəmsal alətlərindən və həll yollarından istifadə edən hər kəs üçün nəzərdə tutulan bir təlim mərkəzidir. Skillshop, Google Ads və digər alətlərlə bağlı yenilənən təlimlərlə biliklərinizi və peşəkar dəyərinizi artırmağa kömək edir.
Qeydiyyatdan keçdiyiniz zaman, Google məhsul mütəxəssisləri tərəfindən hazırlanmış pulsuz onlayn kurslar bölməsinə daxil ola və istədiyiniz dərsi seçərək öyrənməyə başlaya bilərsiniz. Təlimatın növbəti bölmələrində reklamların yaradılması və analiz barədə detallı izah verilmişdir. Elə isə davam edək.
3. Reklam büdcəsi
Google Ads pullu reklam platformasıdır. Burada reklam vermək üçün ilk öncə reklam xərclərinizi qarşılamaq üçün büdcə nəzərdə tutulmalıdır. Reklam büdcəsini təyin edərkən bir neçə faktor nəzərdən keçirilməlidir:
- Axtarış reklamlarda açar sözü rəqabəti və klik başına ödəmə qiymətləri – Google Ads Keyword Planner istifadəsi ilə Google-da insanların axtardığı sözlərin illik trendlərini, aylıq ortalama axtarış sayını, reklam versək əldə edəcəyimiz nəticələrin proqnozunu və CPC dəyərlərini öyrənə bilərik. Bu bizim axtarış reklamlarımızın (Google Search Ads) büdcəsini müəyyən etməkdə kömək edəcək.
- Banner, Video, Mobil tətbiq və digər reklamlar üçün büdcəni təyin edərkən bazardakı statistikaları bilməliyik. Çünki Google Ads sistemində bu göstəricilərin öncədən müəyyən edilməsi çox çətindir. Bunun üçün ancaq agentliklər və təcrübəli mütəxəssislərlə işləmək məsləhətdir. Əks halda bazar ortalamasından çox xərclədikdə bu barədə məlumatlı olmayacağıq. Ən azından konsultasiya almaq və bazar ortalaması, reklam strategiyası və büdcə təyini ilə bağlı məsləhətləşməkdə fayda var.
Bu nüansları nəzərə aldıqda deyə bilərik ki, lazım olan reklam büdcəsinin təyinindən öncə Google Ads-in hansı məhsul və xidmətin tanıdılması üçün istifadə olunacağı və hədəf auditoriyanın detallarını bilmək lazımdır.
4. Vebsaytın olması
Şirkətin məhsul və xidmət tanıtımı üçün vebsayta reklam trafiki cəlb etməsi vacibdir. Saytın olması halında aşağıdakı faydalardan yararlanmaq mümkün olur:
- online istifadəçilərə göstəriləcək vizualları və səhifəni daha yaxşı idarə etmək və mütəmadi dəyişikliklər edərək istifadəçi təcrübəsini artırmaq
- istifadəçilərin saytdakı bütün fəaliyyətlərini izləmək imkanı
- satışların izlənilməsi və auditoriyaların seqmentləşdirilməsi
- remarketinq funksionallıqlarından istifadə
- online personanı anlamaq üçün saytın datalarından istifadə edə blmək və nəticədə reklamları hədəfləyərkən daha effektiv auditoriya seçimi
- istifadəçi hərəkətlərinə uyğun xüsusi məzmun göstərmək və təkliflər vermək
Google Ads reklamlarının yaradılması
Reklamlarımızı aktivləşdirmək üçün Google Ads interfeysi üzərindən reklam kampaniyası yaratmaq və müvafiq məzmunları daxil etmək lazımdır. Hər kampaniya növü üçün ayrı məzmun hazırlamaq, hədəfləmə tənzimləmələrini etmək və büdcə təyini ilə reklama başlamaq olar.
Google reklamları ilə axtarış sistemlərində mətn reklamları, vebsayt və mobil tətbiqlərdə banner və animasiya reklamları, YouTube kanallarında və digər sayt, mobil tətbiq daxilində video reklamları verə bilərsiniz. Reklam kampaniyalarının yaradılması üçün aşağıdakı detallı təlimatı istifadə edə bilərsiniz.
Axtarış reklamları
Axtarış və ya Google Search kampaniyaları Google axtarış sistemində çıxan nəticələrdə reklam yerləşdirməyə imkan verir. Məhsul və xidmətlərinizi internetdə fəal şəkildə axtaran istifadəçilərə onların axtardığı sözlərə görə reklam göstərə bilərsiniz.
Faydaları:
Məqsədlərə çatmaq: Axtarış kampaniyaları daha çox satış, potensial satış və ya veb trafik əldə etməyinizə kömək edə bilər.
Dəqiq hədəfləmə: Xüsusi məhsul və xidmətlərinizi istifadəçilərin hərəkətlərinə uyğun olaraq detallı seqmentasiya edərək hədəfləyin. Axtarış sözlərinə görə qruplara ayırıb ayrı-ayrı optimizasiya edin.
Asan quraşdırılma: Reklamlar yaratmaq asandır və xüsusi məzmun fayllarına ehtiyac yoxdur.
Google Axtarış reklamlarının yaradılması – video təlimatını izləyə və ya aşağıdakı detallı vizual təlimatla ilk axtarış reklamınızı yarada bilərsiniz.
Kampaniya yaradılması
- Google Ads hesabınıza daxil olun.
- Kampaniyalar seçin.
- Yeni bir kampaniya yaratmaq üçün “+” işarəsini vurun.
- Satış, Brend tanıtımı və ya Sayt trafik məqsədini seçin.
- Hədəf bələdçisi olmadan bir kampaniya yaradın seçimini də edə bilərsiniz.
- “Bir kampaniya növü seçin” altında Axtarış seçin.
- “Hədəfinizə necə çatmaq istədiyinizi seçin” bölməsində işinizlə bağlı əlavə məlumatlar daxil edə bilərsiniz. Burada sayt adresi, telefon nömrəsi, məkan və mobil tətbiq məlumatları daxil edilir.
- Davam et (Next) düyməsini basın.
- Növbəti səhifədə kampaniyanız üçün bir ad daxil edəcəksiniz.
Yuxarıdakı şəkildə gördüyümüz kampaniya məqsədi sistemin sizin məqsədinizi anlaması və bunun əsasında təkliflər verməsi üçündür. Kampaniya növü məqsədə uyğun sizə təklif olunur və axtarış reklamını seçirik.
Büdcə və Təklif Strategiyası təyini
Hədəfləmə reklamlarınızı kimin görəcəyini təyin edir, ancaq reklamınızı neçə nəfərin görəcəyini büdcəniz təyin edir və bu istifadəçilərdən nə etmək istədiyinizi təklif edirsiniz.
- Gündəlik büdcənizi daxil edin. Bu məbləğ hər gün sərf etmək istədiyiniz orta məbləğdir.
- Klikləmə və dönüşüm (conversion, yəni satış, qeydiyyat və s.) ehtimalı daha çox olan günlərdə daha çox xərcləyə bilərsiniz. Ancaq aylıq büdcənizin ortalaması bura daxil etdiyiniz məbləğ olacaq.
- Təklifinizi seçərkən kampaniya məqsədinizi yenidən düşünün:
- Satış istəyirsiniz? Dönüşümlərə diqqət edə bilərsiniz.
- Veb sayt trafiki istəyirsiniz? Kliklərə diqqət edə bilərsiniz .
- Dönüşümlər qurdunuz və onlara xüsusi bir dəyər verdinizsə , pulunuzu Dönüşüm dəyərinə (target cost per action) qoya bilərsiniz . Bu seçimlə, reklam xərclərindən müəyyən bir limit qoymuş olursunuz.
İzah: Günlük büdcəni daxil edərkən axtarış həcminə uyğun qaydada nə qədər trafik cəlb etmək istəyiriksə ona uyğun büdcə təyin edirik. Təklif strategiyamızı nümunə kimi Clicks üzərindən CPC 0.15$ olaraq təyin etmişik. Bu sizin biznesiniz üçün dönüşüm (conversion) da ola bilər. Bunun üçün satış izləməsini həyata keçirməlisiniz ki, satışa görə təklif verə biləsiniz.
Reklam şəbəkəsi/Network hədəfləməsi
Axtarış nəticələrini digər saytlara da çatdırmaq üçün Görüntülü Şəbəkə qutusunu işarələyə bilərsiniz. Lakin biz burada Axtarış reklamı verdiyimiz üçün ancaq axtarış kanallarında çıxmaq üçün bu xananı boş saxlaya bilərsiz. Əgər Görüntülü şəbəkəni (Display Network) aktivləşdirilərsə, reklamlarınızın əksəriyyəti axtarışlarda görünməklə birgə reklamlarınızın digər saytlarda da görünəcək.
İlkin hədəf seçərkən, məhsulunuzu almağa hazır ola biləcək, işiniz haqqında daha çox məlumat əldə etmək üçün qeydiyyatdan keçən və ya veb saytınızı ziyarət edə biləcək istifadəçilərin növlərini nəzərə alın. Reklamlarınızın Google-dan başqa axtarış motorlarında görünməsini istəyirsinizsə, Google axtarış ortaqlarını daxil edin (Include Google search networks) qutusunu işarələyin.
Məkan/Location hədəfləməsi:
İnternet istifadəçilərinin seçdiyiniz yerlərlə necə əlaqəli olduğuna əsaslanaraq hədəflərinizi dəqiqləşdirə bilərsiniz. Məsələn, Bakıda yaşayan insanlar sizə lazımdırsa Bakını Location bölməsində seçirsiz.
Əgər sizin hədəfləmək istədiyiniz məkan siyahıda yoxdursa, daha çox məkanın olduğu Radius hədəfləməsindən istifadə edə bilərsiniz. Lakin bu hədəfləmədə qonşu şəhərlərin də seçilən radiusun çevrəsinə düşmə ehtimalı nəzərə alınmalıdır.
Dil/Language hədəfləməsi
Hədəfləmək istədiyiniz dilləri buraya daxil edirsiniz. Bu parametr istifadəçilərin Google məhsullarını istifadə etdiyi dilə görə müəyyən edilir. Dil hədəfləməsi haqqında ətraflı məlumat.
Auditoriya hədəfləməsi
Auditoriya seçimi reklamlarımızın nəticələrinə ciddi təsir edir. Xüsusən Display və Video reklamlarında önəmli əhəmiyyətə malik auditoriyalar Axtarış reklamlarında da istifadə oluna bilər.
Axtarış reklamlarında auditoriyamızı çox azaltmamaq üçün Observation targeting ilə hədəf kütləsi əlavə etmək lazımdır. Çünki axtarış reklamlarında auditoriyamız əsasən açar sözlərinə görə müəyyən edilir. Bu bölmədə biznesimizə uyğun hədəf kütlələrini seçərək reklamımızın məqsədimizə daha uyğun istifadəçilərə çatmasına yardım etmiş oluruq. Hədəf auditoriyaların müəyyən edilməsi barədə Google Ads Auditoriya və Məzmun hədəfləməsi – məqaləmizlə tanış olmanız tövsiyə olunur.
Açar sözləri təyini
Axtarış reklamlarımızı aktivləşdirmək üçün reklam qrupu və daxilində açar sözlərinə ehtiyac var. Reklam qrupumuza ad verərək Google axtarışlarında çıxmaq istədiyimiz sözləri hədəfləyirik:
Burada daxil edlən açar sözlərində “phrase match” hədəfləmə növündən istifadə edilmişdir. Yəni dırnaqcıq arasındakı söz birləşməsi və ya ona yaxın söz birləşmələri axtarıldığı zaman bizim reklamımız göstəriləcək. Bu barədə daha detallı məlumat üçün Google axtarış reklamlarında Açar sözü hədəfləmə növləri məqaləmizi oxuya bilərsiniz. Ayrıca istifadəçiləri hədəfləmək üçün seçəcəyiniz açar sözlərini təyin etmək üçün Google Ads Keyword Planner istifadə qaydası ilə tanış ola bilərsiniz.
Reklam mətninin yaradılması
Hədəfləmələri bitirdikdən sonra ilk reklamımızı yaradırıq. Bunun üçün mətn reklamı və ya axtarış reklamı üçün müvafiq başlıqları və açıqlama hissələrini əlavə etməyimiz lazımdır. Burada aşağıdakı xanalar doldurulur:
- Final URL – reklamı yönləndirdiyimiz vebsayt linki
- Display path – reklamda görünəcək URL sonluğu
- Headlines – reklam başlıqları
- Descriptions – açıqlama hissəsi
Mətn reklamında məhsul və ya xidmətinizi, sizin müştərilərə verdiyiniz fərqlilikləri qeyd etməyiniz tövsiyə olunur.
Reklam əlavələrinin yaradılması
Ad extensions olaraq adlanan reklam əlavələri bu bölmədə yaradılır. Bunlar axtarışlarda reklamınızı zənginləşdirən və nəticələrinizi optimallaşdıran amillərdən biridir.
Buada biz saytın müəyyən hissəsinə yönləndirmə linki nümunəsi göstərmişik, bu Sitelink extension adlanır. Reklam əlavəsi üçün başlıq və açıqlama hissəsi daxil edilir. Bu, axtarış nəticələrində aşağıdakı kimi göstəriləcək:
Əlavə olaraq Callout extension ilə müştəriləri sizə səsləyən başlıqları istifadə edə bilərsiniz. Call extension isə sizin telefon nömrənizin axtarış reklamınızın yanında göstərilməsini təmin edir.
Bütün bu prosesləri tamamladıqdan sonra tənzimləmələri yoxlayır və reklam kampaniyanızı yayımlayırsınız.
Görüntülü reklamlar (GDN)
Görüntülü reklamlar öz reklam formatları ilə istifadəçiləri cəlb etmək imkanı yaradır. Görüntülü Reklam Şəbəkəsində işlədə biləcəyiniz bəzi reklam növləri:
- Responsive görüntülü reklamlar . Google Görüntülü Reklam Şəbəkəsində reklam yaratmaq qismən respnsive reklamlarla avtomatlaşdırılmışdır. Onları yaratmaq üçün sadəcə reklam mətninizi daxil edin, sonra şəkillərinizi və loqotipinizi əlavə edin. Google performansınızı artırmaq üçün reklamlarınızı optimallaşdıracaq.
- Şəkil reklamları – Image ads . Daha çox nəzarət üçün öz banner reklamlarınızı özünüz yarada və yükləyə bilərsiniz. Reklamları fərqli ölçülərdə və ya animasiya HTML5 formatı kimi yükləyə bilərsiniz.
Daha öncə paylaşdığımız Google Display (GDN) Reklamlarının Yaradılması video təlimatı izləyə, və ya aşağıdakı vizual təlimatla öz Google görüntülü reklam kampaniyanızı yarada bilərsiniz.
Kampaniya yaradılması
Google Display Network üzərində yayımlanan və GDN kampaniyaları olaraq da bilinən Google display kampaniyasını yaratmaq üçün başlanğıcda kampaniya yaradılma hissəsində Display növünü seçmək lazımdır.
Görüntülü reklam formatları
Görüntülü reklamlar üçün reklam formatları aşağıdakı kimidir:
Responsive görüntülü reklamlar
Responsive Display reklamları üçün lazım olan banner ölçüləri:
1) Landscape
1.91:1 nisbətində
600 x 314 və daha böyük
Fayl həcmi limiti 5120KB
2) Kvadrat ölçü
1:1 nisbətində
300×300 və daha böyük
Fayl həcmi limiti 5MB
3) Logo
1:1 nisbətində
Tövsiyə olunan ölçü – 1200 x 1200 (kvadrat)
və 4:1 nisbəti ilə 1200 x 300 (landscape).
Fayl həcmi limiti 5MB
Şəkil (banner və html5) reklamları
Bu reklam formatı üçün lazım olan ölçülər:
250×250
300×250
300×600
300×1050
336×280
970×250
*728×90 (YouTube)
*468×60 (YouTube)
200×200
240×400
250×360
580×400
120×600
930×180
980×120
300×50
320×50
320×100
Fayl həcmi limiti – 150KB
Kampaniya tənzimləmələri
Görüntülü reklamın yaradılması
Reklam yaratma mərhələsində isə Görüntülü reklamlara xas reklam növünü yükləmək lazımdır. Responsive reklamı yaratmaq üçün:
Responsive display reklamlarının elementləri olan başlıqlar, açıqlama, şəkil və videolar reklam göstərilmə yerlərindən asılı olaraq Google tərəfindən avtomatik olaraq yaradılır və aşağıdakı şəkildə görsənir:
Responsive banner reklamı müxtəlif mobil tətbiqlərdə və veb səhifələrdə aşağıdakı şəkildə qarşınıza çıxa bilər:
Görüntülü kampaniyada yaradılacaq digər reklam növü şəkil reklamıdır – image ad. Bu reklamı yaratmaq üçün Kampaniyanı seçirik, Reklamlar bölməsinə daxil olaraq “+” işarəsinə klikləyir, daha sonra “Görüntülü reklamı yüklə” seçimini edirik.
Buraya daxil olduqda aşağıdakı pəncərə açılır və biz burada reklamın yönləndirəcəyi linki, reklam məzmunlarını daxil edirik:
Video reklamları
Video kampaniyalar YouTube-dakı videolarda və Google video partnerləri olan veb saytlarda və tətbiqlərdə reklam göstərməyə imkan verir. Video kampaniyalarından olan nəticələrin böyük bir hissəsi ölkəmizdə YouTube platforması üzərindən baş verir.
Faydaları
Məqsədlərinizə çatmaq: Daha çox satış əldə edin, veb sayt trafikini artırın, brendiniz üçün potensial müştərilərdə məlumatlılıq yaradın və bir video kampaniyası qurarkən daha çox effektivlik əldə edin.
Doğru auditoriya hədəfləməsi: Mövzular, açar sözlər, demoqrafiya, texnoloji və s. hədəfləmələr
Uğurunuzu ölçün: Doğru auditoriyaya çatdığınızı anlayın. Baxışları, gəlirləri və büdcə detallarını izləmək üçün Google Ads hesabatlarını analiz edin.
YouTube və Google video tərəfdaşları vasitəsi ilə müştəriləri fərqli yollarla cəlb etmək üçün müxtəlif reklam formatları ilə cəlbedici Video kampaniyaları yarada bilərsiniz.
Video reklam formatları
Video reklamları çox çeşidli reklam formatları ilə izləyiciləri müxtəlif yerləşimlərdə və fərqli növ məzmunlarla hədəfləmə imkanı yaradır. Həmin növlər aşağıda detallı izah olunmuşdur.
Atlanabilən yayımdaxili reklamlar (Skippable in-stream ads)
Bu video reklam tipi videolardan əvvəlində, ortasında və ya sonunda görünür. Reklam 5 saniyə ərzində keçid edilə və ya atlanıla bilmir, daha sonra izləyiciyə onu atlamaq (skip) imkanı verilir.
Atlanmayan yayımdaxili reklamlar (Non-skippable in-stream ads)
Bu növ video reklamı bütün mesajınızla müştərilərə çatmağınızı təmin etmək üçün nəzərdə tutulmuşdur və 15 saniyə və ya daha az olmaqla paylaşılır. Bu reklamı atlamaq mümkün deyil, istifadəçi reklam videosunu tam izlədikdən sonra izlədiyi videoya davam edə bilər.
Bu reklam formatı harada görünür?
YouTube videolarında və Google video tərəfdaşı olan veb sayt və mobil tətbiqlərdə yayım daxilində görünür.
Tampon video reklamları (Bumper ads)
Video bumper reklamı qısa, yaddaqalan bir mesaj istifadə edərək müştərilərə geniş şəkildə çatmaq və markanız haqqında məlumatlılığı artırmaq üçün nəzərdə tutulmuş qısa video formatıdır. Bumper reklamları cəmi 6 saniyə və ya daha azdır və izləyicilər reklamı atlaya bilməzlər.
Video kəşf reklamları (Video discovery ads)
YouTube discovery reklamı yalnız YouTube-da görünür və məzmun kəşf etdikləri yerlərdə insanlara çatır. Görünüş, məzmun yayımçılarının dəstəklədiyi ölçülərdən və formatlardan asılı olaraq dəyişir. Bir izləyici video thumbnailinə tıkladıqda, video YouTube və ya kanal səhifəsində oynanılacaq.
Bu reklam formatı harada görünür?
- YouTube axtarış nəticələrində
- Əlaqədar YouTube videolarının yanında
- YouTube mobil ana səhifəsində
Outstream video reklamları
Outstream video reklamları Google video tərəfdaşlarında çalışan veb saytlarda və tətbiqlərdə görünən reklamlardır. Yayımdan kənar reklamlar, YouTube üzərindən əhatə dairənizi genişləndirərək marka şüurunu artırmağa kömək edir.
Bu reklam formatı harada görünür?
Outstream reklamları yalnız mobildə görünən reklamlardır və yalnız Google video tərəfdaşlarında çalışan veb saytlarda və mobil tətbiqlərdə görünür. Bu reklamlar YouTube saytında görünmür.
Video reklam kampaniyasının yaradılması
Google üzərindən yuxarıda göstərilən YouTube reklamları və digər video reklamları yaratmaq üçün kampaniya yaradarkən məqsəd təyin edir, sonra isə video kampaniyanı seçərək müvafiq formatı seçirik. Biz bu təlimatda bütün formatların görünməsi üçün məqsəd seçmədən kampaniya yaradırıq.
Burada bizim seçdiyimiz xüsusi reklam kampaniyası (custom video campaign) Google Ads üzərindən YouTube platforması və partner şəbəkələrdə reklamımızın göstərilməsinə imkan yaradır. Kampaniya tənzimləmələrində Video kampaniyasına xas hissələr aşağıdakılardır
Təklif strategiyası seçimi
Burada biz əgər hər baxış (view) üçün ödəniş etmək istəyiriksə Maximum CPV, hər 1000 göstərim (impression) üçün ödəniş etmək istəyiriksə Target CPM seçirik.
View, yəni baxış = istifadəçinin videoya ən azı 30 saniyəlik baxması və ya 30 saniyədən az olan videoya tam baxması, və ya videoda saytınıza keçid edən linkə klik etməsi
Impression, yəni göstərim = istifadəçinin video reklamı görməsi (burada neçə saniyə baxmasından asılı olmayaraq impression hesablanır).
Reklam şəbəkəsi/Network hədəfləməsi
Videomuzu Google Ads ilə reklam vermək istədiyimiz internet şəbəkəsini təyin etmək üçün qarşımıza bəzi seçimlər çıxır:
Burada sıra ilə YouTube axtarış nəticələri, YouTube videoları və Display şəbəkəsi (vebsaytlar və mobil tətbiqlər) üzərində video partnerləri seçilə bilər. Prioritetdən və reklam vermək istədiyimiz auditoriyamızın genişliyindən asılı olaraq şəbəkə seçimini edirik.
Kampaniya tənzimləmələri
Video reklamı yaratmaq
Kampaniya tənzimləmələrini bitirdikdən sonra video reklamını yarada bilərik. Bunun üçün bizə videonun YouTube linki, yönləndirəcəyimiz saytın linki və istəyimizdən asılı olaraq əlavə edəcətimiz Call-to-Action düyməsi (button) və başlıq lazım olacaq.
Reklamı yaratdıqdan sonra kampaniyamız aktivləşdirilmək üçün tam hazırdır. Beləcə video reklamımız YouTube və seçdiyimiz şəbəkələr üzrə geniş hədəf auditoriyasına çatmaq üçün hazırdır. Reklam görünümü, reklem baxışı və ya izləmələri, eləcə də sayta keçidlər əldə etmək üçün Google Ads ilə reklam video reklamı vermək biznesiniz üçün olduqca sərfəli hesab oluna bilər.
Azərbaycan dilində Google reklamı vermək
Bildiyiniz kimi ölkəmizdə dil probleminə görə (unsupported language) Google Ads ilə reklam vermək demək olar ki, mümkünsüz hala gəlir. Lakin buna baxmayaraq bir çox biznes Google reklamları ilə reklam verir və öz hədəf kütləsi ilə müxtəlif məzmunlarla kommunikasiya qura bilir. Bu haqda yazdığımız məqalə ilə tanış olaraq Azərbaycandakı şirkətlərin necə Google reklamı verdiyini Google Ads ilə Azərbaycan Dilində Reklam Vermək adlı məqaləmizdən məlumat ala bilərsiniz.